- Dec, 07, 2012
- Uncategorized
Bakı-APA. Vilnüsün mərkəzi Ratuşada 10-cu yubiley beynəlxalq milad xeyriyyə yarmarkası keçirilib. Azərbaycanın Litvadakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə Litvada akreditə olunan xarici dövlətlərin səfirlikləri, diplomatik nümayəndəliklər, beynəlxalq təşkilatlar iştirak edib. Xeyriyyə tədbiri Litvanın sabiq Prezidenti Valdas Adamkusun himayəsi altında Vilnüs Beynəlxalq Qadınlar Assosiasiyası tərəfindən təşkil edilib. Təşkilatçıların verdiyi məlumata görə tədbirə 5 mindən çox iştirakçı gəlib.
Azərbaycan üçün ayrılan stenddə xalça, kəlağayı, musiqi nümunələri, milli suvenirlər, eləcə də lavaş, şirniyyatlarımızdan paxlava, şəkərbura, qoğal, kökə, badambura, həmçinin, Azərbaycanda istehsal olunan içkilər, meyvə şirələri nümayiş olunub. Litvadakı səfirimizin xanımı Zeynəb Məmmədzadənin təşkilatçılığı ilə qurulan Azərbaycan stendində sözün əsl mənasında litvalılar uzun növbəyə dayanaraq nümayiş olunan milli məhsullarımızı almaq üçün bir növ yarışıblar. Prezident Valdas Adamkus stendimizə baş çəkib, paxlava və nar şirəsinin dadına baxıb. Səfir Həsən Məmmədzadə ilə söhbət edən cənab Valdas Adamkus, bu cür xeyriyyə tədbirində Azərbaycanın yüksək səviyyədə iştirakından dolayı məmnuniyyətini ifadə edib.
Gün ərzində əldə olunan xeyli miqdarda vəsait səfirliyimiz tərəfindən təşkilatçılara ödənilib. Toplanan ümumi vəsait Litvanın uşaq və ahıllar evlərinə, uşaq xəstəxanalarına veriləcək.
Tədbir Litva radio və televiziyasında, yerli KİV-də geniş işıqlandırılıb.
http://az.apa.az/news/280509
Views count (1398)