“Xaricdə Təhsil Almaq Üçün ANAMA Verdiyim Sözü Tutdum”
- Aug, 11, 2016
- Uncategorized
Mən Fərid Zülfüqarlı Gəncə şəhərində doğulmuşam, 2004-cü ildə Gəncə şəhər 37 saylı orta məktəbdən məzun olduqdan sonra Dövlət İqtisad Universitetinin İnformatika və Menecment fakültəsində bakalavr təhsili almışam. Sonra xaricdə təhsil almaq məqsədimə çatmaq üçün yorulmadan çalışaraq Litvanın Kaunas şəhərində yerləşən və ən güclü 3 universitetindən biri olan Vytautas Magnus Universitetinə daxil oldum. Bununla yanaşı Erasmus Plus proqramı ilə 2-ci və 3-cü semesterlərimi Finlandiyanın Vaasa şəhərində Vaasa universitetində davam etdirmək imkanı qazandım. Litvada və Finlandiyada hər iki semeseterimi çox yaxşı və əla qiymətlərlə başa vurduqdan sonra növbəti təqaüd proqramının qalibi oldum. Belə ki, Almaniyanın Trier Şəhərində Trier Universitetində İqtisadiyyat üzrə Magistratura təhsili almağa haqq qazandım. Litvadakı təhsilimi dondurub Almaniyaya köçdüm və burdakı təhsilimi bitirdikdən sonra yenidən Litvada aldığım magistratura təhsilimi bitirmək istəyirəm. Hazırda Berlin şəhərində Karl Duizberq İnsitutunda intensiv alman dili kurslarında iştirak edirəm və bu ilin oktyabr ayından Trier Universitetində oxumağa başlayacağam.
Xaricdə təhsil dəbdir yoxsa ehtiyac?!
Ümumilikdə xaricdə təhsil nəinki azərbaycanlı tələbələrin, bütün dünya gənclərinin arzu, istək və ya ehtiyacdır. İstər təhsil sistemi yüksək səviyyədə olan alman, fransız, ingilis və. s. gəncləri istərsə də Azərbaycan kimi təhsil sistemi aşağı səviyyədə olan ölkələrin gəncliyi digər ölkələrə təhsil üçün üz tuturlar. İstər Litvada, İstər Finlandiyada istərsə də Almaniyada yaşadığım dönəmdə buraya təhsil almağa gələn xarici tələbələrin böyük əksəriyyəti məhz Avropa Birliyi ölkələri və digər inkişaf etmiş ölkələri təşkil edir. Mən gəncliyin daim hərəkətdə olmasının tərəfdarı olmuşam, gənclik çılğın, dəyişikliyə meyilli, proqressiv olmalıdır, təəssüflər olsun ki, Azərbaycanda mövcud olan təhsil sistemi gələcək üçün heç nə yaxşı vəd etmir. Xarici ölkələrə oxumağa gedən gənclər daha azad və müstəqil formalaşır, onlar artıq yeni bacarıqlar əldə edirlər, Bundan başqa gənclər oxuyub araşdırmaq istədiyi sahənin başqa ölkələrdə daha dərininə tədris olunması səbəbilə daim xarici ölkələrə gedib təhsil almaq zərurəti duyurlar. Bir sözlə xaricdə təhsil almaq dünya gəncliyinin duyduğu ehtiyacdır. Səmimi etiraf edim ki, Azərbaycanda diplom almaq dəbi xaricdə (xüsusən də Avropa və ABŞ) təhsil alamq dəbi ilə əvəzlənsəydi çox sevinərdim. Çünki normal təhsil sistemi olan Avropa və ABŞ da insanlar həqiqi təhsili rəsmiləşdirən diplom alırlar.
Universiteti necə qazandım…
Xaricdə təhsil almaq istəyimin iki əsas səbəbi var idi. Birinci Avropa və dünya mədəniyyəti ilə qucaqlaşmaq, daha keyfiyyətli təhsil almaq, yeni akademik çevrələrə qoşulmaqdır. Digər səbəb isə anamın bunu çox istəməsi ilə bağlı idi. Anam vəfat etdikdən sonra ona verdiyim sözü tutmağı həmişə özümə mənəvi borc bilmişəm. Buna nail
olduğum üçün çox xoşbəxtəm. Azərbaycandan fərqli olaraq istər Avropa istərsə də Amerikada universitetlərə qəbul olmaq o qədər də çətin deyil, çətin olan universiteti bitirməkdir. Xaricdə təhsil almaq üçün universitetin və ya təqaüd proqramının müəyyən etdiyi: müraciət formasın doldurulması, motivasiya məktubu, akademik və peşə fəaliyyətin haqqında rəy məktubları, ingilis dil biliyini təsdiq edən sertifikat (TOEFL, İELTS və.s) müsahibə kimi mərhələləri keçmək lazımdır. Bunlardan daha önəmlisi isə oxumaq istədiyin sahə üzrə iş təcrübəsi, sahib olduğun dəyərlər və ideyalar, bu ideyaları təhsil aldıqdan sonra gerçəkləşdirməyin nə qədər real olmasını müsahibədə inandıra bilmək qabiliyyəti, əlavə fəaliyyətlərinin olmasıdır. Bunların hər biri çox vacibdir və bu günə kimi oxumaq imkanı əldə etdiyim hər üç universitetdə (Vytautas Magnus, Vaasa və Trier universitetləri) qəbul üçün bütün bu tələbləri yerinə yetirmişəm.
Azərbaycanlı gənclərin fakültə seçimi…
Litvada təhsil alan azərbaycanlı tələbə çoxdu və daha çox sosial elmlər – iqtisadiyyat, siyasət, beynəlxalq əlaqələr və diplomatiya, çox az sayda informasiya texnalogiyaları, mühəndislik ixtisasları üzrə təhsil almağa üstünlük verirlər. Finlandiyanın Vaasa şəhərində isə azərbaycanlı tələbə bircə mən idim, Helsinkidə təhsil alan Azərbaycanlı gənclər digər Fin şəhərləri ilə müqaisədə daha çoxdur və mən tanıdığım bir neçə tələbə mədəniyyət, iqtisadiyyat və biologiya ixtisasları üzrə təhsil alırdılar. Almaniyada təhsil alan gənclər daha çoxdur və yuxarıda adlarını sadaladığım ixtitsaslarla yanaşı tibb, hüquq, informasiya texnalogiyaları, alman dili və.s ixtisaslar üzrə təhsil alan azərbaycanlı tələbələr var.
Vytautas Maqnus Universiteti və Vaasa universiteti…
Maliyyə üzrə magistratura təhsilimi iki fərqli ölkədənin fərqli universitetlərində aldığım üçün onların hər ikisi haqqında məlumat vermək istərdim. Vytautas Maqnus Universiteti Litvada təhsil ənənəsi olan və ciddi mütəxəssislərin yetişməsində rol oynamış universitetlərdən biridir. Sosial elmlər üzrə müxtəlif beynəlxalq təhsil proqramları var ki, bu da dünyanın müxtəlif yerlərindən buraya tələbə axınını stimullaşdırır. Universitet xüsusən siyasi elmlər üzrə Litvanın ən güclü universitetidir. Universitetdə mövcud olan tələbə yataqxanası ucuz və rahat olduğu üçün yerli tələbələrlə yanaşı beynəlxalq tələbələr də burda qalmağa üstünlük verir. Nəzəri biliklərlə yanaşı, praktik təcrübənin artırılması üçün tələbələrə digər ölkələrdə öz ixtisasına uyğun sahədə təcrübə proqramlarında iştirak etmək, müxtəlif beynəlxalq və yerli şirkətləri ziyarət edərək onların fəaliyyətləri ilə yerində tanış olmaq imkanı yaradırlar. Bizim universitet Litvada ən liberal mühitə sahib olan universitetdir və mən bundan çox məmnun idim. Vaasa universiteti Finlandiyanın güclü universitetlərindən biridir və müxtəlif sahələrdə bakalavr, magistr və doktorantura üzrə ingilis və fin dilində təhsil proqramları vardır. Ümumilikdə fin təhsil sistemi dünyanın ən güclü təhsil sistemlərindən biridir və təhsil pulsuzdur. Vaasa Universiteti çox güclü təhsil və akademik ənənəyə sahibdir, müəllim və professor heyətinin yüksək peşəkarlıq səviyyəsi məni heyran edirdi. Təbiətin qoynunda olan universitetin əsrarəngiz gözəlliyi onu deməyə əsas verir ki, tələbə həm təbiyyətin gözəlliyindən maksimum həz alsın həm də ilham alıb yaxşı oxuya bilsin.
Ölkələrin müqayisəsi…
Sözün açığı oxşarlıqları demək daha asandır, nəinki fərqlilikləri. Çünki gənclik açıq cəmiyyətlərdə çox maraqlıdır, azaddır, xoşbəxtdir, intellektualdır və.s. İstəyəndə əylənirlər, teatra, kinoya gedirlər, istəyəndə etiraz edirlər, müxtəlif siyasi-ictimai proseslərə qoşulurlar, təhsil alır və ya işləyirlər və.s. Gənclərin tələbəlik həyatındakı fərqlərlə bağlı ölkəmizdəki durumu hamı çox yaxşı bilir, bu səbəbdən Litva və Finlandiya gənclərini müqaisə etmək daha maraqlı olardı – deyə düşünürəm. Bu fərqliliklərin əsəs səbəbi ölkələrin inkişaf səviyyəsi, kültürü, adət-ənənə, yerləşdiyi coğrafi mövqe ilə bağlıdır. Fin tələbələr Litvalı tələbələrlə müqaisədə daha çox mütaliyyə edirlər, belə ki, Finlandiya ümumilikdə dünyada ən çox mütaliyyə edən cəmiyyətlər arasında ön sıralarda gəlir, bu səbəbdən də fin tələbələr daha geniş bilik və təcrübəyə sahibdirlər. Finlandiyada işsizlik Litvaya nisbətən çox aşağı olduğu üçün fin gənclər oxuduqları dönəmdə işləmək imkanları olur. Nə qədər soyuq olmasından aslı olmayaraq finlər yenə də təbiyət qoynunda şaxtalı havada oyun oynamağı, xizək sürməyi və zaman keçirtməyi çox sevirlər və ya dənizə girib çimmək fin gənclərinin ən çox sevdiyi əyləncələrdən biridir. Litva tələbələri fin tələbələrindən daha istiqanlı və dostcanlıdırlar. Finlər nəinki əcnəbilərə bir-biriləri ilə də münasibətdə məsafəlidirlər və bundan həmişə şikayət edirlər. Finlandiyada təhsil pulsuzdur və hər tələbəyə dövlət 500 avro təqaüd verir. Litvada isə yalnız ödənişsiz ixtisasda oxuyan tələbələr təhsil haqqı ödəmir.
Başıma gələn maraqlı əhvalat…
Ən maraqlı hadisə Finlandiyada başıma gəlib. İlk gün Finlandiyaya çatanda qorxmuşdum. Ömründə heç bir zaman mənfi 25-30 dərəcə soyuq görməyən biri kimi, şaxtadan qaşlarında, kipriklərində, saqqalında buz sallanmağın nə olduğunu hiss etməyən bir insan kimi. İki gün idi ki, Vaasada idim. Yaşadığımız ərazi universitetdən 5 km uzaqlıqda idi və hər gün dərsə ya piyada getməli, ya ictimai nəqliyyatdan istifadə etməli ya da velosiped almalı idim. Yunan otaq yoldaşım Facebookda ikinci əl mallar səhifəsində ucuz velosiped olduğunu, axşam gedib ala biləcəyimizi söylədi, getdik şəhərə dostları ilə məni tanış etdi, axşama kimi söhbət edik. Axşam gedib velosipedi aldıq və geri dönəndə yolumuzu itirdik. Şaxtadan telefonumuz donmuşdu və xəritədən istifadə edərək şəhəri gəzirdik. Yaşadığımız qəsəbə isə meşənin içərisində idi. Hara gedirik hər tərəf ağapp
aq qar, hava qaralıb, biz iki saatdır mənfi 28 dərəcədə evi axtarırıq. Bilirsiz belə hallarda insanın ağlına hər cürə qəribə ölüm-qalım ssenariləri gəlir, bir təhər insanlardan soruşaraq evə gəlib çıxdıq. Əslində başıma gələn bu hadisə Şimalın soyuğuna olan qorxumu yenməyə kömək etdi. Artıq soyuqdan şikayətlənməyi bir kənara qoyub zövq almağa başladım. Bu gün hava daha isti olacaq (mənfi 15-20) deyib sevinə bilirdim.
Azərbaycanlı gənc olaraq ölkəmizi təmsil edirəm…
İxtisasça iqtisadçı olmağımla yanaşı mən həmçinin həvəskər tar ifaçısıyam. Hələ təhsil alamağa gəlməzdən öncə səfər etdiyim bir çox ölkəyə tarımı da özümlə aparırıdım ki, həm musiqimizi, həm mədəniyyətimizi təbliğ edə bilim. Tar həmişə yanımda olduğu üçün mən bunu yalnız o gün deyil hər axşam təlimlərdən sonra edə bilirdim. 2011-ci ildə Luksenburqda hər il təşkil olunan Dünya Sülh Formunda dostum Nərmin Həsənli ilə iki günlük konsert belə vermişik. Səmimi etiraf edim ki, mən xarici ölkələrdə diaspora və səfirliklərimizin təşkil etdikləri təbliğat, məlumatlandırma işlərini bəyənmirəm. Bir günlük təntənəli konsert, yemək içmək, küllü miqdarda pul xərcləməkdənsə səmimi ortamlarda, 20-30 nəfərin əhatəsində canlı tar çalmaq və bu məqamda ölkə haqqında geniş məlumat vermək daha effektlidir. Belə səmimi ortamlarda ölkəmiz haqqında tarixi, sosial-siyasi və digər mövzularda söhbət etmək də çox maraqlı olur. Bu səbəbdən mən çox səmimi şəkildə və həvəslə bir vətəndaş kimi öz öhtəmə düşən işi özüm edirəm. İstər Litvada istərsə də Finlandiyada yaşadığım zaman beynəlxalq tələbələrin toplaşdığı partilərə tarla gedirəm. Hər belə tədbirdə qısa şəkildə ölkəmiz, musiqi tariximiz və mədəniyyətimiz haqqında məlumat verirəm. Avropada olduğum mü
ddətcə təhsil almaqla yanaşı bu kimi işlərimi davam etdirəcəyəm.
Son sözüm odur ki…
Gənclər xaricdə təhsil almaq üçün qurduqları arzunların arxasınca getsinlər, durmadan yorulmadan çalışsınlar, səhv etməkdən qorxmasınlar. Xaricdə təhsil gənclər qarşısında yeni üfüqlər, imkanlar açır. Bu imkanların arxasınca getməyə, əziyyət çəkməyə dəyər. Avropada olan imkanlar Azərbaycandan daha çoxdur və mən uğurlarımın burda davam edəcəyinə əmin idim. 5 il bir master təhsili almaq üçün əziyyətimin bəhrəsini Avropada mənə 2 master və 2 təqaüd proqramı qazanmaqla gördüm. Əminəm ki, xaricdə təhsil almaq istəyən hər bir kəsin aparacağı ardıcıl mübarizədən qalib ayrılmaq şansı daha çoxdur, necə ki, mən bunu etməyə nail oldum. Bu günə kimi qarşıma qoyduğum bütün məqsədlərimə çatmışam, ən çox da anama verdiyim sözü tutduğum üçün çox xoşbəxtəm…
Views count (3478)