Litvada Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü qeyd olunub
- Oct, 21, 2016
- News
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə bağlı Litva Respublikasında silsilə tədbirlər keçirilib.
Litva Respublikasının Jurnalistlər evində “Dinamik Azərbaycan” adlı foto sərgi təşkil edilib. Sərgidə cari ilin avqust ayının sonunda sentyabr ayının əvvəlində Azərbaycanda səfərdə olmuş litvalı fotoqraf, “alkas.lt” internet portalının müxbiri Arunas Sartanaviçüsün ölkəmizlə bağlı çəkdiyi şəkillər nümayiş olunub. Şəkillərdə, Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Quba rayonunun dinamik inkişafı göstərilməklə yanaşı, cari ilin aprel ayında erməni silahlı qüvvələri tərəfindən artilleriya qurğularından atəşə tutmuş Tərtərin Qapanlı və Həsənqaya kəndləri də əks olunub.
Sərginin açılışında çıxış edən Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə 12 il əvvəl 18 oktyabr tarixində Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa edilməsi haqqında Bəyannamə qəbul edildiyini bildirərək, bu illər ərzində ölkəmizin əldə etdiyi siyasi, iqtisadi nailiyyətlərə dair qısa məlumat verib.
O, 70 ildən sonra bərpa edilən müstəqilliyin ilk illərinin heç də sadə olmadığını, respublikamızın Ermənistanın təcavüzünə məruz qaldığını, Azərbaycan ərazisinin 20 faizinin işğal edildiyini qonaqların diqqətinə çatdırıb.
Daha sonra çıxış edənlər Litva Jurnalistlər Birliyinin sədri D.Radzyaviçüs, “alkas.lt” internet portalının redaktoru A.Antanaytis, Vilnüs Esperanto Cəmiyyətinin sədri A.Piliponis şəkillər vasitəsilə Azərbaycanla tanış olmaq imkanın yaradıldığına görə A.Sartanaviçüsə öz təşəkkürlərini bildirib və Azərbaycanın Litvadakı dostlarının sayının gündən-günə artığını qeyd ediblər.
Views count (4016)